Yanvarın 24-də Xətai Rayon Məhkəməsində "MeydanTV işi" üzrə həbs olunmuş jurnalist Aysel Umudovanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.
Vəkilin sözlərinə görə jurnalistin vəsatəti təmin olunmayıb:
"Biz bilirdik ki, qərar belə olacaq. Lakin bu bir prosedurdur ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyimiz üçün yerli məhkəmələrdən keçməliyik".
Aysel Umudova məhkəmədə heç vaxt istintaqdan yayınmadığını, şahidlərə təsir etmədiyini deyib, ona görə də onu həbsdə saxlamağının əsassız olduğunu bildirib.
"O şərləndiyini bildirdi, həbsini jurnalistika fəaliyyətinə bağlayır", deyə, vəkil qeyd edib.
Yanvarın 14-də Xətai Rayon Məhkəməsi "Meydan TV işi" üzrə həbs olunan jurnalist Xəyalə Ağayevanın, yanvarın 17-də saytın baş redaktoru Aynur Elgünəşin (Qənbərova) və saytın əməkdaşı, jurnalist Natiq Cavadlının, yanvarın 23-də isə medianın jurnalisti Aytac Tapdığın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin edilməyib.
Jurnalistlərin vəkilləri məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verəcəklərini bildiriblər.
"Meydan TV işi" üzrə nə baş verib?
2023-cü il dekabrın 6-da "Meydan TV"nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın jurnalistləri Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov həbs olunub. Dekabrın 8-də Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.
"Meydan TV" jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.
"Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub", bəyanatda qeyd edilib.
"Meydan TV" 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.
Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.
2015-ci ildə "Meydan TV" haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində "Meydan TV"nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabına dəfələrlə kiberhücum olunub, materialları silinib.
2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.
Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev tez-tez öz çıxışlarında ölkədə azad mətbuatun, həmçinin insanların internetə azad çıxışının olduğunu qeyd edir.
Forum