Prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Rusiyada yaşayan ictimai fəal Saleh Rüstəmovun qohumlarının adına olan daşınmaz mülkiyyətlər satışa çıxarılıb.
Bu barədə Saleh Rüstəmovun oğlu Elturan Rüstəmli Facebook platformasında yazıb.
“Bir qədər fasilədən sonra, yanvarın 6-da Azərbaycanın dövlət orqanları tərəfindən bizim ailəyə və yaxın qohumlarımıza qarşı müsadirə adı altında yenidən soyğunçuluq həmlələrinə start verilib. Əvvəlcə, atamın adına olan, hal-hazırda yaşadığımız mənzil, əmim Valeh Rüstəmovun yaşadığı babamdan qalma ev və atamın etibarnamə ilə təxminən 10 il əvvəl satdığı mənzil hədəf olub. Həmin mülklərdə yaşayış olduğundan, ciddi cəhdlərə baxmayaraq müsadirənin icrası mümkünsüz olub. İndi isə Gədəbəydə anamın adına olan 5 sot torpaq sahəsi, yenə Gədəbəydə əmim Valeh Rüstəmovun adına olan 24 sot, eləcə də bibim Yeganə Rüstəmovanın adına Novxanı qəsəbəsində olan 10 sot torpaq sahəsi satışa çıxarılıb”, o qeyd edib.
Elturan Rüstəmli bildirir ki, Azərbaycanda onun ailəsinə qarşı baş verən haqsızlıqların öhdəsindən gəlməkdə çətinlik çəkir.
“Məhz buna görə də, Avropa ölkələrində Azərbaycanın yüksək dövlət məmurlarına məxsus mülklərdən birinin içərisinə girərək problemimizə dünya mətbuatının diqqətini cəlb edə biləcəyimi düşünürəm”, o qeyd edib.
Xatırladaq ki, Saleh Rüstəmov və qohumlarının adına olan daşınmaz əmlakların məcburii qaydada və əvəzi ödənilmədən dövlətin nəfinə müsadirə edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu il martın 7-də hakim Eldar İsmayılovun sədrliyi ilə hökm çıxarıb.
Vəkil Bəhruz Bayramov məhkəmənin qərarını siyasi hesab edir.
“Biz daşınmaz əmlakların Saleh Rüstəmova məxsus olmaması, əmlakların mülkiyyətə alınmasının mənbələri ilə bağlı sənədləri və sübutları təqdim etməklə məhkəmələrə müraciət etmişik. Lakin məhkəmələr şikayətimizi təmin etməyib. Artıq şikayətimiz Avropa Məhkəməsindədir. Necə olur ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generallarının qanunsuz yolla əldə etdikləri əmlaklar özlərinə qaytarılır. Amma, Saleh Rüstəmova aidiyyatı olmayan, onun qohumlarına məxsus olan əmlaklar müsadirə edilir?” vəkil sual edib.
Bununla yanaşı, məlumatla bağlı Ədliyyə Nazirliyinin müvafiq qurumundan münasibət öyrənmək mümkün olmayıb.
Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və müxalifətdə olan “Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O 2022-ci il mayın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.
Hüquq müdafiəçiləri Saleh Rüstəmovu siyasi məhbus kimi tanıyıb.
Forum