İctimai fəal Qiyas İbrahim illər öncə tələbəsi olduğu Bakı Slavyan Universitetindən (BSU) diplomunu ala bilmədiyini deyir.
O, bu barədə öz Facebook hesabında məlumat yayıb.
Fəal qeyd edib ki, BSU-nun Maliyyə Şöbəsindən ona 2013-2014 və 2014-2015-ci illər üzrə ikinci və üçüncü kurslarda ödənilməmiş 3000 (üç min) manat təhsilhaqqı borcu olduğu deyilib.
Qiyas İbrahim 2016-cı ildə ictimai fəal Bayram Məmmədovla birlikdə mərhum Prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" yazandan sonra narkotik ittihamı ilə həbs olunublar və onların hər birinə 10 il həbs cəzası kəsilib. Fəallar 2019-cu ilin mart ayında əfv sərəncamıyla azadlığa buraxılıblar.
Həbs səbəbilə təhsili yarımçıq qalan Qiyas İbrahim 2019-cu ildə bərpa edilməsi üçün universitetə müraciət edib.
"2019-cu ildə bərpa edilmək üçün universitetə gedəndə, mənə ancaq bir illik- 2014-2015-ci il üçün borcumum qaldığını demişdilər. Bu da əssassız idi və sonradan düzəliş edilmişdi" - deyə, fəal məlumatda bildirib.
Qiyas İbrahim qeyd edib ki, indi isə 2013-2014-cü illər də əlavə olunaraq, ondan 3000 manatı ödəməyi tələb edirlər.
"Sistemdə onların ödənmiş kimi göstərdikləri təhsilhaqqları da şəxsi işim içərisində yoxdur. Orada ancaq 2016-ci ildən qalma və sonra 2019-cu ildə ödədiyim 300 manatın qəbzi qalıb. Məndən 10-11 il əvvəlin qəbzini istəyən müəssisə mənim verdiyim kağızları saxlamayıb və buna görə günahkar sayılıram. 2019-cu ildə universitetə bərpa olunmaq üçün müraciət edəndə, mənə bir illik, yəni 1500 manat borcum olduğu deyilmişdisə, dediyim kimi, o da əssasız idi. İndi deyirlər ki, 3000 manat borcun qalıb", o qeyd edib.
O, eyni zamanda xatırladır ki, Azərbaycan universitetlərində tələbələr nəinki illik, hətta bir semestrlik borcla belə imtahanlara buraxılmırlar.
"Oxuduğum dövrdə də belə idi və neçə nəfər ödəyə bilmədiyi üçün imtahana girə bilməmişdi. Ödənişi gecikdirdiyim üçün hətta mən də bir imtahana buraxılmamışdım" - deyə, fəal vurğulayıb.
Qiyas İbrahim hesab edir ki, onun universitetə ödədiyi təhsilhaqqı kimlərsə tərəfindən mənimsənilib.
"İndi mənə sübut etməyə çalışırlar ki, iki il təhsilhaqqı ödəmədiyim halda 4-cü kursa buraxılmışam. Sonra da ancaq o ilin təhsilhaqqını ödədiyim və digərlərini ödəmədiyim halda dövlət imtahanlarına buraxılmışam. Daha doğrusu, 2016-cı ildə də buraxılmışdım, sadəcə, dövlət imtahanı yarımçıq qalmışdı. 2019-cu ildə isə məhz universiteti bitirmək üçün bərpa edildim. Əslində, mənim əvvəlki illlərdən heç bir borcum yox idi və yalnız son ilin təhsilhaqqının 300 manatı qalmışdı. Hansı ki, növbəti imtahana girmək üçün onu ödəməyə gedərkən polis tərəfindən saxlanılmışdım, daha doğrusu oğurlanmışdım", o bildirib.
Fəalın sözlərinə görə, 2019-cu ildən bəri müəyyən səbəblərə görə universitetdən diplomunu götürməyə getməyib.
"O vaxt həll edilmiş məsələni mənim beş ildir diplomumu götürməyə getməməyimdən istifadə edərək, rəqəmləri artırıblar. 10-12 il əvvəl vaxtında ödədiyim təhsilhaqqımı niyə yenidən ödəməliyəm? İki illik borcu qalan adam necə hələ 2016-cı ildə dövlət imtahanlarına buraxılıb və diplomu da hazırdır? Hansısa işçinin yarıtmaz fəaliyyəti, yaxud da “ideoloji vəziyyəti düzəltmək üçün” təyin edilmiş o vaxtkı rektorun (Nurlana Əliyeva nəzərdə tutulur-red.) müəssisəni korrupsiya yuvasına çevirməsinin əvəzi niyə məndən çıxmalıdır? Mənim qanuni və haqlı tələbimi yerinə yetirin və diplomumu verin. Haqsız yerə məndən tələb edilən o pulu ödəməyə məcbur qalsam, bunun nəticələri olacaq", Qiyas İbrahim məlumatda bildirib.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən, həmçinin BSU-dan mövqe almaq mümkün olmayıb.
Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.
O, tələbələrin ödədiyi təhsilhaqqı ödənişlərinin mənimsənilməsilə bağlı qalmaqaldan 5 ay sonra vəzifəsindən azad edilib.
Keçmiş rektor 12 il (2009-2021) YAP-ın Qadınlar Şurasının sədri olub.
Forum