Dekabrın 11-də Bakının Xəzər Rayon Məhkəməsi hakim Hüseyn Hüseynlinin sədrliyi ilə ictimai fəal Rza Səfərsoyu 2 il 9 ay həbsə məhkum edib.
Dövlət ittihamçısı Səfərsoya 3 il həbs istəyib.
Rza Səfərsoy bildirib ki, hakimiyyətin sifarişi ilə saxta ittihamla həbs edilib və siyasi sifarişli işlərdə heç zaman bəraət verilmir.
Rza Səfərsoy Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsi ilə ittham olunur.
“Bu maddənin sanksiyasında ən ağır cəza 1 ildən 3 ilə qədər həbsdir. Üstəlik azadlığın məhdudlaşdırılması və sair cəzalar da nəzərdə tutulur. Məhkəmənin ən ağır cəzanı seçməyi bir daha hakimiyyətin siyasi sifarişini yerinə yetirdiyini açıqca göstərir”, o qeyd edib.
Vəkil Nazim Musayev məhkəmədən bəraət istəyib.
“Məhkəmə istintaqı zamanı ittiham sübut olunmadı. Səfərsoyun əleyhinə bir dənə belə inandırıcı dəlil yoxdur”, o qeyd edib.
Vəkil hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib.
Rza Səfərsoy 23 noyabr 2023-cü ildə həbs edilib. Polis əməkdaşları onun evindən qanunusuz silah tapıldığını iddia edib.
Səfərsoy qanunsuz silah saxlamaq ittihamını qəbul etmir. O, Azərbaycan hakimiyyətini tənqid etdiyinə görə siyasi sifarişlə həbs olunduğunu bildirib.
Bununla yanaşı, Daxili İşlər Nazirliyi bir qayda olaraq polisin hərəkətlərinin qanunvericiliyə uyğun olduğunu bildirir. Nazirliyin Mətbuat xidməti hesab edir ki, saxlanılan şəxslərin polisin hərəkətləri ilə bağlı dedikləri özünü müdafiə xarakteri daşıyır.
Səfərsoy Birinci Qarabağ müharibəsinin veteranıdır. 2018-ci ildə o, Gəncə şəhərində kütləvi həbsləri tənqid etdikdən sonra artıq qanunsuz silah dövriyyəsi ittihamı ilə həbs olunub. Həmin vaxt 2 il müddətinə azadlıqdan məhrum edilib. 7 ay sonra Apellyasiya Məhkəməsi cəza müddətini azaldaraq onu azad edib.
Bu dəfə o, sosial şəbəkələrdə “Abzas Media” internet nəşrinin rəhbərlərinin həbsini kəskin tənqid etdikdən və vətəndaşları etirazlara çağırdıqdan sonra həbs olunub.
Forum