Hüquq müdafiəçiləri Zəncan vilayətinin mərkəzi Zəncan şəhərində 62 yaşındakı bir kişinin dar ağacından asıldığına dair məlumat yayıblar.
Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı (IHR) əslən Ərdəbildən olan və qətl ittihamı ilə mühakimə edilmiş məhkumun adını Hüccət Qarabəyli olaraq açıqlayıb.
Qarabəylinin cümə axşamı günü səhər saatlarında Zəncanın mərkəzi həbsxanasında dar ağacından asıldığı bildirilir.
Hüquq müdafiə qurumunun veb səhifəsində yazılanlara görə, "Hüccət Qarabəyli ilə oğlunun sevdiyi qızın qardaşları arasında bir münaqişə yaşanmışdı. Qarabəyli qardaşların birinin münaqişədə ölməsindən sonra həbs edilmişdi."
İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə-təzminat almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası tətbiq edilir. "Diyə" şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür.
IHR təşkilatının Fransanın Birlikdə Ölüm Cəzasına Qarşı Təşkilatının (ECPM) dəstəyi ilə keçən il hazırladığı hesabata görə, İranda bəluçlar başda olmaqla, qeyri-fars icmalar arasında ölüm cəzası statistikası həddən artıq yüksəkdir. Həmin hesabata əsasən, 2021-ci ildə İranda əhali sayına görə edam hallarının ən çox olduğu vilayətlər siyahısında türklərin əksəriyyətdə olduğu Qəzvin və Zəncan vilayətləri 3-cü, Ərdəbil vilayəti isə 4-cü yeri tutub.
Forum