Daşkəsən rayonunun Xoşbulaq kəndinin (Bakıdan 460 kilometr qərb) bir qrup sakini ilə yerli icra orqanları arasında yaranmış problem hələ həllini tapmayıb. Kənd sakinləri yerli hakimiyyətin fəaliyyətini sosial şəbəklərdə tənqid etdikdən sonra tənqidçilərdən Anar Süleymanov 30 sutka inzibati həbsə məhkum edilib.
Tənqidçilər torpaqların kənd sakinlərinin deyil, vəzifəli şəxslərin istifadəsinə verilməsində yerli hakimiyyət orqanlarını günahlandırır.
Bu gün, iyunun 12-də polis əməkdaşları digər tənqidçi Sahib Məmmədzadəni rayon polis şöbəsinə dəvət edib.
“Səhər saat 7-də dörd nəfər polis əməkdaşı evimizin həyətinə gəlib rayon polis şöbəsinə getməliyimi istədilər. Mən getmədim. Bundan sonra mənə rayon polis şöbəsinin rəis müavini Vüsal Qurbanovun imzası ilə barəmdə olan inzibati xəta ilə bağlı polis şöbəsinə getməyim barədə məktub təqdim etdilər”, Sahib Məmmədzadə Amerikanın Səsinə deyib.
Sahib Məmmədzadə həmçinin Amerikanın Səsinə Daşkəsən rayon Polis Şöbəsinin rəis müavini Vüsal Qurbanovun imzası ilə ona təqdim edilən məktubun fotosu və polis əməkdaşlarının onun evinin qarşısına gələrək Məmmədzadəni polis şöbəsinə dəvət etməsini bildirən video təqdim edib.
Bununla yanaşı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Daşkəsən rayon Polis Şöbəsində Sahib Məmmədzadə ilə bağlı hər hansı icraat aparılmır.
Sahib Məmmədzadənin polisə dəvət edilməsi onun sosial şəbəkələrdə kəndin ərazisindəki torpaqların kənd sakinlərinin deyil yüksək vəzifəli məmurların və onların qohumlarının istifadəsinə verilməsini, həmçinin yerli icra hakimyətinin fəaliyyətini tənqidindən bir neçə gün sonraya təsadüf edir.
Daşkəsən rayon İcra Hakimiyyətindən Sahib Məmmədzadənin tənqidi fikirləri ilə bağlı şərh almaq mümkün olmayıb. Belə ki, Daşkəsən rayon İcra Hakimiyyətinin rəsmi saytındakı əlaqə telefonuna binanı mühafizə edən polis əməkdaşı cavab verib. Rayon İcra Hakimiyyətinin qəbul şöbəsindən isə adını açıqlamayan şəxs Amerikanın Səsinə bildirib ki, onun suala cavab vermək səlahiyyəti yoxdur, digər məsul şəxsin telefonunu öyrənib deyəcək və bir daha telefona cavab verməyib.
Xatırladaq ki¸ Daşkəsən rayon Xoşbulaq bələdiyyəsi ilə bağlı problemlər bundan öncə də diqqət mərkəzində olub.
Belə ki, 2021-ci ilin fevralında Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.
“Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Rasim Allahverdiyevin Şahbaz Mehtiyev və Vüqar Məmmədov ilə qabaqcadan əlbir olaraq Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsini müvafiq qanunvericiliyin tələblərini pozaraq köhnə tarixə saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı şəxslərə satılması müqabilində vətəndaşlardan ümumilikdə 25 min 400 manat pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib”, Baş Prokurorluğun məlumatında deyilir.
Həmin şəxslər Cinayət Məcəlləsinin külli miqdarda rüşvət almaq, vəzifə saxtakarlığı və digər maddələri ilə ittiham edililib.