ABŞ Seçkiləri 2020
Meta 10 000 nəfəri işdən çıxarır

Facebook-un ana şirkəti Meta Platforms çərşənbə axşamı günü 10 000 işçini ixtisar edəcəyini, 11 000 işçisini buraxdıqdan cəmi dörd ay sonra kütləvi ixtisarların ikinci turunu elan edən ilk Big Tech şirkəti olduğunu deyib.
Baş icraçı direktor Mark Zukerberq işçi heyətinə göndərdiyi mesajda "Komanda sayımızı təxminən 10 000 nəfər azaltmağı və hələ işə götürmədiyimiz təxminən 5000 vakansiyanın bağlamağı planlaşdırırırq" deyib.
İşdən çıxarılmalar Meta-da daha geniş restrukturizasiyanın bir hissəsidir ki, bu da şirkətin təşkilati strukturunu düzəldəcək, daha aşağı prioritet layihələri ləğv edəcək və prosesin bir hissəsi olaraq işə qəbul dərəcələrini azaldacaq.
Xəbər Meta-nın səhmlərini premarket ticarətində 2% bahalaşdırıb. Bu addım Zukerberqin 2023-cü ili "Səmərəlilik ili"nə çevirmək üçün 5 milyard dollarlıq xərcləri 89-95 milyard dollara qədər azaldacağını vurğulayır.
İqtisadiyyatın pisləşməsi korporativ Amerikada bir sıra kütləvi iş yerlərinin ixtisarına səbəb oldu: Goldman Sachs və Morgan Stanley kimi Wall Street banklarından Amazon.com və Microsoft daxil olmaqla, Big Tech firmalarına qədər.
Layoffs.fyi saytının ixtisarlarla bağlı məlumatına görə, texnologiya sənayesi 280 000-dən çox işçini 2022-ci ilin əvvəlindən ixtisar edib, onların təxminən 40%-i bu il baş verib.
Futuristik metaverse qurmaq üçün milyardlarla dollar xərcləyən Meta yüksək inflyasiya və artan faiz dərəcələri ilə üzləşən şirkətlərin pandemiya sonrası reklam xərclərinin azalması ilə mübarizə aparır.
Noyabr ayında Meta-nın işçilərin sayını 13% azaltmaq üçün atdığı addım 18 illik tarixində ilk kütləvi ixtisar olub. Onun işçi sayı 2022-ci ilin sonunda 86 482 nəfər təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 20% çoxdur.
See all News Updates of the Day
Co Bayden ABŞ-ın 46-cı prezidenti kimi and içir

Çərşənbə günü - yanvarın 20-də Amerikada yeni prezident vəzifəsinin icrasına başlayacaq. Andiçmə mərasimindən öncəki son bir neçə ay mübahisələr və zorakılıqla yadda qalıb. Bəzi amerikalılar Prezident seçilən Co Baydenin qələbəsini qəbul etməkdə çətinlik çəkib.
“Bu ölkənin insanları öz sözlərini dedilər. Onlar bizi aydın inandırıcı qələbə ilə təmin etdilər,” deyə ABŞ prezidenti seçilən Co Bayden seçki nəticələrinin bəlli olmasından sonra açıqlama verdi. .
Buna baxmayaraq Prezident Donald Tramp seçki nəticələrini sual etməyə davam etdi. Onun öz tərəfdarları ilə keçirdiyi mitinq ABŞ Kapitolisinə basqınla nəticələndi.
Hazırda Kapitoli bir qəsrə çevrilib. İnaqurasiya səhnəsi izləyicilərdən çox uzaqda qurulub.
Tədbirin keçiriləcəyi yerin ətrafına çox sayda polis, o cümlədən Milli Qvardiyanın 25 min üzvü yerləşdirilib.
Trampdan fərqli olaraq prezident seçilən Co Bayden təcrübəli siyasətçidir. Tramp isə vəzifəyə gəlmədən öncə biznesmen idi.
“Mən indi heyrətamiz bir şey deyəcəyəm. Mən hökumətin necə işlədiyini bilirəm,” Bayden deyib.
Bayden təxminən 50 ildir vəzifə sahibidir. O, iki müddət prezident Barak Obamanın vitse-prezidenti vəzifəsində çalışıb.
Bundan öncə Delaver seçiciləri onu altı dəfə ABŞ Senatına seçiblər.
Bayden Senata ilk seçiləndən bir ay sonra onun həyat yoldaşı və körpə qızı avtomobil qəzasında həyatlarını itiriblər, iki oğlu isə həmin qəzada yaralanıb.
Senator Bayden oğlanları ilə vaxt keçirmək üçün hər gecə qatarla 90 dəqiqə Vaşinqtondan Delaverə gedib. Vilminqton dəmiryolu stansiyasına onun adı verilib.
Bayden anevrizmalarını müalicə etmək üçün iki dəfə beyin əməliyyatı keçirib. 2015-ci ildə o vitse-prezident olduğu dövrdə oğlu Bo beyin xərçəngindən vəfat edib.
Bayden və universitet professoru olan həyat yoldaşı Cill Delaverin 70 000 əhalisi olan Vilminqton şəhərində yaşayırlar.
Hazırda şəhərin küçələri snayperlər və avto karvanlarla doludur.
Bak Simpers uzun müddətdir bu şəhərin sakinidir.
“Bu heç nəyə mane olmur. Sadəcə bir az səbrli olmaq, eyni zamanda isə qürurlanmaq lazımdır,” o deyib.
Şəhər sakinləri prezident seçilən Co Baydenə milkşeyk və çizsteyk sevən şəhərin doğma övladı kimi baxır. Şəhər sakini Bob Börd Baydeni tez-tez 1967-ci ilə aid kabriolet idman avtomobilini idarə edərkən görürdü.
“Onun köhnə `Corvette`i var və biz Baydeni arada bir onu sürərkən görürdük,” o deyib.
İndi isə ən yaşlı prezident seçilən 78 yaşlı Bayden qarşıda onu gözləyən böyük siyasi sınağa hazırlaşır. Bu, qütbləşmiş ölkəni gələcəyə doğru aparmaqdır.
Tramp yeni administrasiyaya "xoş arzularını" dilədi

AĞ EV – Özünün Oval Ofisdə son tam günündə Prezident Donald Tramp varisi Demokrat Co Baydenə onun adını çəkmədən dualarını və xoş arzularını çatdırıb.
“Bu həftə biz yeni administrasiyanı inaqurasiya edirik və Amerikanı təhlükəsiz və firavan saxlamaq üçün onun uğuruna dua edirik,” Tramp prezidentlik dönəminin bitməsinə 20 saat qalmış internetdə yerləşdirdiyi videoda deyib. “Biz həm də xoş arzularımızı çatdırırıq. Və biz istəyirik ki, onların bəxti gətirsin – çox mühüm sözdür.”
20 dəqiqəlik çıxışında Tramp “dünya tarixində ən möhtəşəm iqtisadiyyat” qurduğunu deyib. O, həmçinin “son onilliklərdə yeni müharibə başlatmamış ilk prezident olması ilə xüsusi iftixar” duyduğunu bildirib.
Ağ Evin YouTube platformasında video-çıxışı açıqladığı anlarda ABŞ-ın 46-cı prezidenti seçilmiş Co Baydenin içərisində olduğu özəl təyyarə Merilend ştatında yerləşən Endryus Birgə Bazasına enib ki, Tramp çərşənbə günü buradan Vaşinqtonu tərk edəcək. Prezident Hava Qüvvələri Bir (Air Force One) təyyarəsində son uçuşunu Florida ştatına edəcək.
Siyasi ənənədən ayrılan Tramp həm ümummilli, həm də elektoral kollegiya səsverməsində qalib gəlmiş Baydenin andiçmə mərasiminə qatılmayacaq. Tramp saxta olaraq səslərin sayılmasında fırıldaqçılığa yol verildiyini bəyan etmiş və Baydeni təbrik etməmişdir.
Vitse Prezident Mayk Pens çərşənbə günü gündüz saat 12-də Baydenin yüksək təhlükəsizlik şəraitində keçiriləcək andiçmə mərasimində iştirak edəcək.
Nümayəndələr Palatasının Spikeri Nensi Pelosi Trampa qarşı ikinci impiçment qərarını bu həftənin sonlarında Senata göndərəcək. Bu addım sonrakı gündə Senatda rəsmi prosesin başlanmasına yol açır.
Demokratların nəzarət etdiyi Nümayəndələr Palatası 10 Respublikaçının da dəstəyi ilə Trampı “üsyana təşviq” ittihamı ilə impiç edib. Bu addım 6 yanvarda prezidentin səsvermənin nəticələrini aradan qaldırmaq üçün mübarizəyə çağırışından az sonra Tramp tərəfdarlarının Kapitoliyə basqın etməsindən sonra atılıb.
ABŞ-ın ilk qadın vitse-prezidenti Kamala Harris
Yeni seçilmiş vitse-prezident Kamala Harris tarixə ABŞ-da ilk qadın vitse-prezident olaraq düşüb.
ABŞ-da tarixi bir an ... Kamala Harris "Bu ofisdə ilk qadın olsam da, sonuncu olmayacağam."
56 yaşlı Harris ilk qaradərili və hindistanlı amerikalı qadın olaraq onu ABŞ-ın vitse- prezident vəzifəsinə seçdiklərinə görə prezident seçilmiş Co Baydenə və seçicilərinə təşəkkür edir. Virciniya Universitetindən Barbara Perri: “Ali Məhkəmədə qadınlarımız var. Konqresdə Nümayəndələr Palatasının spikeri Nensi Pelosidir, ancaq hələ prezident demirəm, heç vaxt icraedici hakimiyyətdə bir qadın vitse-prezidentimiz olmayıb. Amma təkcə bu deyil, o həm də bu ölkəyə daha yaxşı həyat üçün gələn mühacir valideynlərin bir övladı olan ağ olmayan qadındər.”
Anası Hindistandan və atası isə Yamaykadan olan Harris Kaliforniyanın Oakland şəhərində anadan olub. Hazırda onun Kaliforniyada uşaq ikən irqi inteqrasiya səyləri çərçivəsində təhsil aldığı Berkeli məktəbinin divarında rəsmi var. Demokrat Barbara Li: "O, bir çox qadın üçün çox səddi qırdı."
Vaşinqton şəhərində afro-amerikalıların təhsil aldığı Hovard Universitetinin məzunu olan Harris 2004-cü ildə San-Fransisco şəhərinin ilk qaradərili prokuroru olur. O, 2010-cu ildə Kaliforniyanın baş prokuroru vəzifəsində çalışmağa başlayır.
Keçən yay "Qaradərililərin Həyatı Mühümdür" etirazları zamanı bəzi proqressivlər Harrisin daha sərt bir prokuror olması, ölüm hökmü ilə bağlı ziddiyyətli mövqelər tutması və qanun pozuntularına görə polisi məsuliyyətə cəlb etməməsindən şikayətlənib.
Harris ilk dəfə tarixə Kaliforniyadan ABŞ Senatına seçildiyi zaman düşüb. Texas Universitetindən Şennon Bou Obrayan: "İnsanların özlərinə bənzəyən insanları hakimiyyətdə görməsi vacibdir."
Özünün xala və ögey ana olaraq rolundan tez-tez danışan Harris Ağ Ev tarixində ikinci centlmen olacaq vəkil Daq Emhofla evlidir. Vitse-prezident kimi ən vacib vəzifəsi zərurət yarandığı təqdirdə prezidenti əvəz etməyə hazır olmaq olsa da, təhlilçilər Harrisin özünün tarixdə ilk rolundan istifadə edə biləcəyini deyir.
Onun Ağ Evdə qlobal rol oynaması anasının vətəni olan Hindistanda təntənə ilə qarşılanıb.
Bayden Dövlət Departamentinə Obama administrasiyasında çalışan diplomatları təyin edir

Prezident seçilən Co Bayden Dövlət Departamentindəki komandasını Obama administrasiyasının sabiq diplomatları və veteranları ilə doldurur və bu, onun Prezident Donald Trampın idarəçiliyi altında dörd il davam edən qeyri-müəyyənlik və gözlənilməzlikdən sonra daha ənənəvi xarici siyasətə geri dönmək istəyinə işarə edir.
Keçid rəsmisi deyib ki, Bayden Vendi Şermanı dövlət katibinin müavini, Viktoriya Nulandı isə dövlət katibiNİN siyasi məsələlər üzrə müavini vəzifəsinə nominasiya etmək niyyətindədir.
Adının açıqlanmasını istəməyən rəsminin sözlərinə görə, onların Baydenin şənbə günü dövlət katibliyinə seçdiyi Antoni Blinkenin heyətində çalışmağa nominasiya etdiyi 11 insan arasında olacağı gözlənilir.
Aşağıda adları sadalanan insanların
- Baydenin Senatda uzun müddətdir köməkçisi Brayan MakKeon dövlət katibinin menecment üzrə müavini vəzifəsində
- Sabiq yüksək vəzifəli diplomatlar Bonni Cenkins və Uzra Zeya dövlət katibinin silahlara nəzarət və demokratiya və insan haqları üzrə müavini vəzifələrində
- Demoktarların xarici siyasət xətti ilə yaxından tanış olan Derek Çollet Dövlət departamentinin müşaviri vəzifəsində
- Siyasi planlaşdırma idarəsinə rəhbər vəzifəsində sabiq BMT rəsmisi Salman Əhməd
- Sabiq dövlət katibi Madelin Olbraytın baş köməkçisi Süzi Corc Blinkenin baş qərardah rəisi vəzifəsində
- Obama administrasiyasının Milli Təhlükəsizlik Şurasının sabiq işçisi və Tramp administrasiyasının ilk günlərində etiraz olaraq istefa edən Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq rəsmisi departamentinin sözçüsü vəzifəsində
- Ağ Evdə calışmaq üçün Konqresi tərk edən Luizianadan olan nümayəndə Sedrik Riçmondun kommunikasiya direktoru Calina Porter Praysın müavini vəzifəsində
Baydenin komandasına qoşulacaqları gözlənilir
Rəsmilər deyib ki, Prays və Porter Dövlət Departamentində gündəlik mətbuat konfransları keçirmək ənənəsini davam etdirmək niyyətindədirlər. Tramp admininstrasiyası altında bu brifinqlər ləğv olunmuşdu.
Bayden vitse-prezident olduğu dövrdə milli təhlükəsizlik müşaviri olan Ceffri Preskot Baydenin BMT-yə səfir vəzifəsinə namizədidir.
ABŞ hüquq-mühafizə orqanları Kapitoli ətrafında təhlükəsizlik tədbirlərini gücləndirir

Yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasiminə bir neçə gün qalmış rəsmi şəxslər paytaxt Vaşinqtonda yükək təhülkəszilik tədbirləri görür. Keçən həftə prezident Donald Tramp tərəftarlarının Kapitoli binasına ölümcül hücumundan sonra bu təntənəli mərasimdə adətən toplaşan böyük izdiham olmayacaq.
Hüquq-mühafizə orqanları Vaşinqtonda və ölkənin bir neçə yerində daha çox şiddətlə müşaiyət olunacaq etirazların keçiriləcəyi barədə xəbərdarlıqlara baxmayaraq 20 yanvar tədbiri zamanı təhlükəsizliyi qoruyacaqlarına əmin olduqlarını bildirirlər.
Milli Qvardiya Bürosunun cümə axşamı verdiyi məlumata görə, hazırda təqribən 7000 əsgər artıq Vaşinqtona yerləşdirilib və daha 21.000 əsgərin də yerləşdirilməsi istiqamətində işlər aparılır.
Milli Qvardiya üzvləri yüzlərlə federal agent və yerli və əyalət polisləri tərəfindən dəstəklənəcək. Dörd il əvvəl Milli Qvardiya Trampın andiçmə mərasimi üçün təxminən 8000 əsgər göndərmişdi.
Gizli Xidmətin direktoru Ceyms Murray vitse-prezident Mayk Pensin keçirdiyi brifinqdə bildirib ki, "Təhlükəsizlik planlaşdımamıza çox güvənirik, lakin buna baxmayaraq həmişə ayıq-sayığıq və öyrəndiklərimizdən faydalanmağa çalışırıq".
Pens isə öz növbəsində Tramp administrasiyasının "nizamlı və etibarlı bir keçid üçün andiçmə mərasiminə sadiq olduğunu" bildirib. "Və Amerika xaqlı bundan daha çoxuna layiqdir" deyə o əlavə edib.
Mayk Pens andiçmə mərasiminə qatılmağı planlaşdırır. Lakin prezident Tramp xələflərinin inaqurasiyalarına qatılmayan çox az sayda prezidentlər sırasına qatılacaq.
Kapitolidəki qarışıqlıqdan sonrakı səkkiz gün ərzində Federal Təhqiqatlar Bürosu (FBI) onlarla şəxsi həbs edib və yaxın günlərdə daha çox həbslərin olunacağını söyləyib. FBI bu günə qədər baş verə biləcək cinayət ittihamları ilə əlaqədar təxminən 200 adamın şəxsiyyətini müəyyənləşdirib və baş prokuror vəzifəsini icra edən Ceffrey Rosen bildirir ki, ictimaiyyət tərəfindən 140 mindən çox gizli məlumat alınıb.
Baydenin andiçmə mərasimi bir çox qurum arasında təhlükəsizlik koordinasiyasını tələb edən milli əhəmiyyətli bir hadisə mənasını verən "milli xüsusi təhlükəsizlik tədbiri" olaraq təyin edilib. Gizli Xidmət bu yüksək səviyyəli təhlükəsizlik səylərinə rəhbərlik edir.
Bayden isə öz növbəsində təhlükəsizliyindən narahat olmadığını deyib. Bazar ertəsi jurnalistlərə verdiyi açıqlamada "andiçmənin açıq havada keçirilməsindən qorxmuram" deyib.
Kapitoli hücumundan sonra polis çərşənbə günündən başlayaraq Vaşinqtonun mərkəzi küçələrini hərəkətə bağlayıb.
Kapitoliyə gedən yollar qapadılıb, ərazi təhlükəsizlik baryerləri və divarlarla əhatələnib.
Murray Kapitoli ətrafında qurulan təhlükəsizlik səddinin perimetirinin çox geniş olduğunu və bunun bir neçə kilometr radiusda sədlərlə qorunduğunu bildirib.
Kapitoli binasının polis xidməti verdiyi açıqlamada bildirib ki, təhlükəsizlik səddlərini pozmağa cəhd göstərən istənilən şəxs "müvafiq qaydada güc tətbiq olunaraq həbs olunacaq".
Dünya liderlərinin Kapitolidəki çaxnaşmaya reaksiyaları
Dünya liderləri çərşənbə günü Vaşqintonda azı dörd nəfərin ölümü, onlarla insanın həbsi ilə nəticələnən çaxnaşmanı şok, kədər və sarkazmla qarşılayıb. ABŞ Prezidenti Donald Trampın noyabr ayında keçirilən seçkidə rəqibi Co Baydenin qələbəsinə etirazlara çağırışının ardınca Trampın tərəfdarları Kapitoliya doğru yürüş ediblər. ABŞ məhkəmələri dəfələrlə Trampın seçkinin saxtalaşdırıldığına dair iddialarını rədd edib.
Avropalı müttəfiqlər çərşənbə günü ABŞ Kapitolisində baş verən zorakılıqları vahimə içərisində izləyiblər.
“Bu gün Vaşintonqda baş verənlər Amerika deyil,” Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı Twitter-də yerləşdirdiyi video mesajda bildirib.
“Bu demokratiya hücumçular və iğtişaşçılardan daha güclüdür,” Almaniya kansleri Angela Merkel deyib.
Britaniyanın baş naziri Boris Conson zorakılığı Twitter-də “biabırçı” adlandırıb. Onun daxili işlər naziri Prezident Donald Trampı günahlandırıb.
“Onun şərhləri birbaşa olaraq zorakılığa gətirib çıxardı və hələ ki, o, bu zorakılığı pisləməyib, bu isə tamamilə səhvdir,” Priti Patel bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq Twitter-də “Vaşinqtonda şok edici hadisələr baş verir. Bu demokratik seçkinin nəticəsinə hörmət göstərilməlidir,” deyə bildirib.
BMT-nin baş katibinin sözçüsü deyib ki, “siyasi liderlərin tərəfdarlarını zorakılıqdan uzaq durmağa ilham verməsi mühümdür.”
İsrailin lideri ölkəsinin baş müttəfiqinə dəstəyini ifadə edib.
“Amerika demokratiyası mənə hər zaman ilham verib, qanunsuzluq və zorakılıq amerikalılar və israillilərin əziz tutduğu dəyərlərə ziddir,” Benyamin Netanyahu bildirib.
Hindistanın baş naziri Narendra Modi Twitter-də yazıb ki, “Qanunsuz etirazların demokratik prosesi sarsıtmasına imkan verilməməlidir.”
Bu arada isə ABŞ-ın rəqibləri Vaşinqtona rişxənd edib. İran Prezidenti Həsən Ruhani cümə axşamı televiziyada yayımlanan çıxışında deyib ki, hadisələr “Qərb demokratiyasının nə qədər kövrək və populizmə həssas” olduğunu göstərib.
Venesuela bəyanatda Birləşmiş Ştatların “aqressiya siyasəti nəticəsində başqa ölkələrdə yaratdığı eyni vəziyyətdən əziyyət çəkir” deyə bildirib.
Çin isə hadisələri təhrif etməyə çalışıb.
“Birləşmiş Ştatlarda media yekdilliklə bunu qınayıb, zorakı insident olduğunu bildirib və quldurlar, ekstremistlər, canilər və rüsvayçılıq kimi sözlərdən istifadə edib. Bəs onlar Honq Konqdakı zorakı etirazçıları təsvir etmək üçün hansı sözlərdən istifadə edirdilər? Onlar bunun gözəl görüntü olduğunu deyirdilər və zorakı etirazçıların demokrat qəhrəmanlar olduğunu və Amerika xalqının onların yanında olduğunu bildirirdilər,” Çin Xarici işlər Nazirliyinin sözçüsü Hua Çunyinq deyib.
Moskvanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski zorakılıqları 2014-cü ildə Ukraynada baş verən inqilaba bənzədib və Twitter-də “Vaşinqtondan Maydan tərzində şəkillər gəlir” yazıb.
ABŞ müttəfiqləri demokratiyanın mərkəzində zorakılıqları izləyən bir çox amerikalının keçirdiyi ağır hissləri keçirirlər. Düşmənlər isə bu hadisələrdən bir fürsət kimi istifadə edirlər.
Federal Təhqiqatlar Bürosu Baydenin andiçmə mərasiminə dair təhdidləri araşdırır

Ötən həftə ABŞ-ın Kapitoli binasına Donald Trampı dəstəkləyən ekstremistlərin basqın etməsi yeni seçilmiş Prezident Co Baydenin andiçmə mərasiminə qədər ölkənin hər yerində bir sıra potensial silahlı və zorakı etiraz nümayişlərinin başlanğıcı ola biləcəyi ilə bağlı narahatlıqlar artmaqdadır.
Bazar ertəsi Federal Təhqiqatlar Bürosunun Amerikanın Səsinə verdiyi məlumata görə, qrupların və ya şəxslərin planlaşdırılmış administrasiya dəyişikliyi ilə əlaqədar zorakılıq və ya cinayət fəaliyyətinə təşviq etmək istədiklərini göstərən dəlillər araşdırılır.
"Standart təcrübəmizdə xüsusi kəşfiyyat məhsulları haqqında şərh verməməyimizə baxmayaraq, FTB (FBI) dövlətimizə, yerli və federal hüquq mühafizə orqanlarımıza dəstək verir" deyə, büronun açıqlamasında qeyd olunur.
"Diqqətimiz dinc nümayişçilərə deyil, zorakılıq və mülklərin məhv edilməsi ilə özlərinin və digər vətəndaşların təhlükəsizliyini təhdid edənlərə yönəldilib" - deyə, bildirilib.
Əvvəlcə “ABC News” və “Yahoo News” tərəfindən əldə edilmiş FTB bülleteni, eyni zamanda 50 ştatda olduğu kimi Vaşinqtonda da mümkün zorakılığa dair xəbərdarlıq edir.
"FTB 16 yanvar tarixində paytaxt Vaşinqtona getmək niyyətində olan bir silahlı qrup haqqında məlumat alıb" - deyə, bülletendə qeyd olunub.
"Onlar Konqresin 25-ci düzəliş yolu ilə POTUS-u silməyə çalışacağı təqdirdə böyük bir qiyamın baş verəcəyi ilə bağlı xəbərdarlıq ediblər".
Bülletendə daha sonra xəbərdarlıq edilib ki, 20 yanvar andiçmə mərasimi baş tutana qədər Trampın vəzifəsindən uzaqlaşdırılması səyləri uğurla bitəcəyi təqdirdə, bir qrup dövlət, yerli və federal binalara basqın etməyə çağırış edib.
Xüsusi təhdidlərə şərh verilməsə də, digər dövlət qurumları təhlükəsizliyi gücləndirmək üçün addımlar atır.
DaxiliTəhlükəsizlik Nazirliyi (DHS) bazar ertəsi normal olaraq prezidentin təhlükəsizliyini təmin etmək üçün tapşırılan ABŞ Gizli Xidmətinə inaququrasiya əməliyyatına bu çərşənbə günü planlaşdırıldığından altı gün əvvəl başlamağa göstəriş verib.
DHS dəyişikliyin səbəbi olaraq "ötən həftəki hadisələri və inkişaf edən təhlükəsizlik mənzərəsini" göstərib.
ABŞ qanunvericiləri Kapitoli binasına hücumla əlaqədar olaraq atılacaq növbəti addımları müzakirə edir
ABŞ-ı yeni seçilmiş prezidenti Co Baydenin 20 yanvar tarixində inaqurasiyasına hazırlıqların getdiyi vaxt Konqresin Donald Trampı ötən həftənin çərşənbə günü ABŞ Kapitoli binasına hücumda iddia edilən rolu ilə əlaqədar olaraq ikinci dəfə impiç edib-etməyəcəyi məsələsi diqqət mərkəzində qalır.
ABŞ-da Tramp tərəfdarlarının Kapitoli binasına beş nəfərin ölümü ilə nəticələnmiş hücumundan sonra müzakirələrin davam etdiyi bir vaxt qanunvericilər Donald Trampı kütləni qarışıqlıq yaratmağa təhrik etməkdə ittiham edərək, onun yenidən impiç edilib-edilməməsin nəzərdən keçirir. Spiker Nensi Pelosi deyib ki, bazar ertəsi Nümayəndələr Palatası Donald Tramp kabinetinə onu vəzifəsindən kənarlaşdırmaq üçün 25-ci düzəlişdən istifadə etmək çağırışına dair qətnamə təklif edir.
Tramp hücumdan əvvəl tərəftarları qarşısında çıxışında seçkilərin onlardan oğurlandığını iddia edərək, kütləni Kapitoli binasına doğru yürüyüşə səsləyib. Ötən həftənin cümə axşamı Ağ Evin mətbuat katibinin müavini açıqlama verərək, Trampın zorakılıqları qınadığını bildirmişdi.
Demokrat millət vəkili Alexandria Okasio-Kortez, Democrat ABC telekanalına müsahibəsində bildirir ki, "Mən bir neçə səbəbə görə impiçmentin təyin edilməsinin lazım olduğuna inanıram. Birincisi, əllbəttə ki, əsas prioritetimiz Donald Trampın ABŞ prezidenti vəzifəsindən uzaqlaşdırılmasını təmin etməkdir. Onunn vəzifəsində olduğu hər dəqiqə və hər saat təkcə ABŞ Konqresi üçün deyil, ölkə üçün açıq bir təhlükə təşkil edir".
Lakin burada əsas məsələ vaxtdır, çünki yanvarın 20-də prezident seçilmiş Co Baydenin inaqurasiyasından sonra Tramp Ağ Evi tərk edəcək. Bəzi Respublikaçı qanunvericilər impiçmentə qarşı çıxaraq, Baydenə yazdıqları məktubda Trampın vəzifəsindən getməyə günlər qalmış bu addımın "gərəksiz olacağını" bildiriblər. Qanunvericilər həmçinin digər variantları da müzakirə edir.
Respublikaçı millət vəkili Adam Kinzinqer düşünür ki, impiçment heçdə çıxış yolu deyil. "Mən səmimi olaraq düşünürəm ki, impiçment heç də ağıllı bir addım deyil. Çünki Donald Tramp yenə də qurban kimi görünəcək. Və düşünürəm ki, indiki məqamda Donald Tramp olduqca pis vəziyyətdədir. Bunu sözlə ifadə etmək olmur, doğrudurmu? O, kütləni qarışdırdı. Bu, Amerikanın qanunverici orqanına icraedici orqanı tərəfindən bir hücum idi, Amerika tarixinin ən pis günlərindən biri idi" deyə o ABC telekanalına müsahibəsində bildirib.
Eyni zamanda, Konstitusiyanın 25-ci düzəlişinin tətbiq edilməsi məsələsi də müzakirələr mövzusu olub. Bu düzəlişlə hazırki vitse-prezidentə prezidentin vəzifəsini davam etməyə uyğun olmadığı halda onun səlahiyyətlərini həyata keçirməsinə imkan verilir. Bu səbəblərə ölüm, vəzifədən azad edilmə, istefa və ya iş qabiliyyətinin itirilməsi daxildir.
2019-cu ilin dekabr ayında qanunvericilər Trampı vəzifəsindən sui-istifadə etdiyinə və Konqresə maneə törətdiyinə görə impiç olunmasına səs verdilər. Tramp Ukraynaya Baydenlə bağlı istintaq aparması üçün təzyiq göstərərək, səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılırdı. Lakin daha sonra o, ABŞ Senatındakı səsvermədə bəraət aldı. ABŞ tarixində heç bir prezident iki dəfə impiç olunmayıb.
Rəy sorğusu: amerikalıların əksəriyyəti Trampın dərhal vəzifədən kənarlaşdırılmasını istəyir

Reuters/Ipsos-un keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, amerikalıların 57 faizi Respublikaçı Prezident Donald Trampın bu həftə etiraz çağırışının ABŞ Kapitolisində ölümlə nəticələnən çaxnaşmaya səbəb olmasından sonra onun dərhal vəzifədən çıxarılmasını istəyir.
Lakin bu insanların əksəriyyətini Demokratlar təşkil edir, Respublikaçılar isə belə görünür ki, Trampın son günlərində vəzifəsini icra etməyə davam etməsinin tərəfdarıdır. Trampın vəzifə müddəti yanvarın 20-də başa çatır.
Cümə axşamı və cümə keçirilən milli rəy sorğusunun nəticəsi göstərir ki, noyabrda Trampa səs verən hər 10 nəfərdən yeddisi qanunvericilər Demokrat Co Baydenin qələbəsini setifikatlaşdırmaq üçün iclas keçirdiyi zaman Tramp tərəfdarlarının Kapitoliyə zorla daxil olmasına qarşı çıxır.
Sorğuda iştirak edənlərin təxminən 70 faizi Trampın çərşənbə günü baş verən hücumdan öncəki hərəkətlərinə rəğbət qazandırmadıqlarını bildiriblər. Tramp həmin günün əvvəlində mitinq zamanı minlərlə tərəfdarını Kapitoliyə doğru yürüş etməyə təşviq edib.
Həm Demokratlar həm də Respublikaçılar Kapitolidə bir zabit və dörd mülki şəxsin ölümü ilə nəticələnən qarışıqlığı qınayıb.
Nümayəndələr Palatasının Demokratları bazar ertəsi Trampa qarşı “yanlış davranış” ittihamları irəli sürməyi planlaşdırır ki, bu da onun ikinci dəfə impiç edilməsinə gətirib çıxara bilər. Bu barədə məsələ ilə yaxından tanış olan bir mənbə xəbər verib.
“Əgər Prezident vəzifəsini dərhal və könüllü şəkildə tərk etməsə, Konqres bu tədbiri görəcək,” Nümayəndələr Palatasının spikeri Nensi Pelosi açıqlamasında bildirib.
Trampın vəzifə dövründəki hər böyük məsələdə olduğu kimi bu məsələ ilə bağlı da düşüncələr siyasi partiyalar arasında dəyişir. Kapitolidəki zorakı qarşıdurmanı demək olar hər kəs qınasa da, Trampın vəzifədən çıxarılmasına əsasən Demokratlardan çağırış edir.
Trampın vəzifə müddəti bitmədən vəzifədən getməsini istədiyini söyləyən amerikalıların əksəriyyətini hər on Demokratdan doqquzu, hər on Respublikaçıdan isə yalnız ikisi təşkil edir.
Amerikalıların təxminən 30 faizi deyir ki, prezident ABŞ Konstitusiyasına 25-ci düzəliş altında vəzifədən kənarlaşdırılmalıdır. 25-ci düzəlişə əsasən, prezident rəsmi səlahiyyətlərini yerinə yetirə bilmədiyi təqdirdə vitse-prezident və kabinet üzvləri onu vəzifədən azad edə bilərlər.
İnsanların təxminən 14 faizi Konqresin Trampı impiç edib, vəzifədən çıxarmalı olduğunu, 13 faizi isə Trampın istefa etməli olduğunu söyləyib.
Noyabrın 3-də keçirilən seçkidə yeddi milyon səs fərqi ilə məğlub olan Tramp çərşənbə günü tərəfdarlarını Konqresə doğru yürüş etməyə çağırıb və “ölkəmizi heç vaxt zəifliklə geri almayacaqsınız” deyib.
Amerika xalqının kiçik bir hissəsi, 12 faizi, Kapitolidəki çaxnaşmada iştirak edən insanların hərəkətlərini dəstəklədiklərini bildiriblər.
Yetişkinlərin 79 faizi, o cümlədən Respublikaçıların və Tramp tərəfdarlarının üçdə ikisi hücumda iştirak edənləri “cinayətkar” və “axmaq” adlandırıblar. 9 faiz onları “narahat vətəndaş,” 5 faiz isə “vətənpərvər” olaraq görüb.
Reuters/Ipsos-un sorğusu ABŞ boyu onlayn və ingilis dilində keçirilib. Sorğuda 10005 amerikalı yetişkin, o cümlədən Trampa səs verən 339 nəfər iştirak edib.
Nəticələrin dəqiqliyini ölçən etibarlılıq intervalı 4 faizdir.
Sorğu ilə bağlı əlavə məlumat əldə etmək üçün https://tmsnrt.rs/3pYTiuD saytına daxil ola bilərsiniz.
Tramp Baydenin andiçmə mərasimində iştirak etməyəcəyini deyib

ABŞ prezidenti Donald Tramp əsrlər boyu hakimiyyətin bir administrasiyadan digərinə dinc yolla ötürülməsinin əlamətdar xüsusiyyəti olan ənənəni pozaraq cümə günü Twitterdə yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimində iştirak etməyəcəyini yazıb.
Tərəfdarlarının ABŞ Kapitoli binasına hücumundan iki gün sonra Tramp "20 Yanvardakı İnauqurasiyaya getməyəcəyəm" deyə yazıb.
Bundan bir gün əvvəl isə Tramp yayımladığı video müraciətində vəzifəsində qaldığı müddət ərzində "hakimiyyətin nizamlı və problemsiz bir şəkildə" Baydenə ötürüləcəyinə söz verib.
Tramp Endrü Consondan bəri inaqurasiya mərasiminə qatılmayan ilk prezident olacaq. Conson da 152 il əvvəl xələfinin andiçmə mərasimində iştirak etməmişdi.
Cümə axşamı Baydenin bu ay vəzifəyə başlayacağını etiraf etməsinə baxmayaraq, Tramp ikinci vəzifə müddətinin ondan oğurlandığını israr etməkdə davam edir. Keçmiş baş prokuror Vilyam Barr da daxil olmaqla onun administrasiyasındakı rəsmilər Trampın qalib gəlməsinin qarşısını alan əhəmiyyətli seçici saxtakarlığına dair bir dəlilin olmadığını təsdiqləyib.
Vitse-prezidentə yaxın mənbələrə istinadla verilən məlumata görə, Mayk Pensin inauqurasiyada iştirak edəcəyi gözlənilir. Trampın ən yaxın tərəfdarlarından olan Mayk Penslə münasibətlərində bu həftə açıq şəkildə gərginlik yaranıb.
Tramp indi Pensin Konqresin seçki nəticələrini təsdiqləməsinə maneə törətmədiyi üçün ona xəyanət etdiyinə inanır.
Baydenin keçid komandası Trampın bu açıqlamasına dərhal şərh veməsə də, həftələrdir insanları koronavirus böhranının pisləşməsi səbəbindən Vaşinqtondakı tədbiriə şəxsən qatılmamağa çağırır.
Tramp tərəfdarları tərəfindən çərşənbə günü Kapitoli binasına edilən hücumdan sonra Baydenin andiçmə mərasimi üçün təhlükəsizliyin xüsusilə yüksək səviyyədə olacağı gözlənilir.
Tramp son günlərini Ağ Evdə necə keçirəcəyinə dair heç bir məlumat verməyib.
Baydenin andiçməsinə iki həftədən az bir müddət qalmış Konqresdəki Demokratlar getdikcə artan təzyiqlə Trampın vəzifəsini davam etdirməyə uyğun olmadığını bildirərək səlahiyyət müddəti bitmədən əvvəl onu vəzifəsindən kənarlaşdırmağa məcbur edilməsinə çağırış edir.
Kapitoliyə hücumdan sonra işini bərpa edən Konqres Baydenin seçkilərdə qələbəsini təsdiqlədi
Birləşmiş Ştatlar Konqresinin üzvləri prezident Donald Tramp tərəfdarlarının Kapitoli binasına hücum etməsindən bir neçə saat sonra demokrat Co Baydenin noyabr prezident seçkilərində qələbəsini sertifikatlaşdırıb. Həm Demokrat, həm Respublikaçı qanunvericilər gecə yarı işini bərpa etmiş sessiyada prezident seçilmiş Co Baydenin qələbəsini sertifikatlaşdırmağa söz verərək Konstitusiya borclarını yerinə yetirib. Konqres Baydenin qələbəsini təsdiqləyəndən sonra prezident Tramp "seçkilərin nəticəsi ilə tamamilə razılaşmadığını” bildirsə də, yanvarın 20-də hakimiyyətin intizamlı şəkildə keçidini həyata keçirəcəyinə söz verib.
Trampın minlərlə tərəfdarının zorla Konqresə daxil olmasına və hüquq-mühafizə orqanlarının işçiləri ilə qarşıdurmaya baxmayaraq, qanunvericilər Seçicilər Kollegiyasının səslərini saymaq və təsdiqləmək üçün çərşənbə günü axşam işə qayıtdı.
"Biz 2020-ci il prezident seçkilərinin qalibini təsdiqləyəcəyik", Senatda əksəriyyətin lideri Mitç Makkonnell bildirib.
Vitse-prezident Mayk Pens nümayişçilərin binada olduğu və Kapitoli polisi ilə qarşıdurmalar zamanı evakuasiya edildikdən bir neçə saat sonra Senatın prezidenti olaraq Konqresin birgə sessiyasını yenidən bərpa etdi.
“Bu gün ABŞ Kapitolin tarixində qaranlıq bir gün idi. Lakin ABŞ Kapitoli polisi, federal, ştat və yerli hüquq-mühafizə orqanlarının səyləri sayəsində zoraılığın qarşısı alındı”, vitse-prezident Mayk Pens bildirib.
Nümayəndələr Palatasının yüzdən çox üzvü və on dörd respublikaçı senator bundan əvvəl Co Baydeninin qələbə çaldığı altı ştatda seçkinin sertifikatlaşdırılmasını bloklamağı planlaşdırırdı.
“Bizim seçkilərin düzgünlüyü ilə əlaqədar narahatlıq keçirənlər, noyabr ayında baş verənlərlə əlaqədar narahatlıq keçirənlər üçün bu uyğun vasitədir”, Missuri ştatından Respublikaçı senator Coş Houli bildirib.
Lakin çərşənbə günü baş verən zorakılıqdan sonra bir neçə senator və nümayəndə etirazlarını geri götürdü.
“Bu gün baş verən hadisələr məni yenidən düşünməyə vadar etdi. İndi təmiz vicdanla bu seçkilərin sertifikatlaşdırılmasına etiraz edə bilmərəm", Respublikaçı senator Kelli Loeffler bildirib.
Vilminqtonda danışan Bayden zorakılığı pisləyib və Trampı kəskin şəkildə qınayıb.
"Mən prezident Trampı milli televiziyaya çıxaraq öz andını yerinə yetirməyə və Konstitutsiyanı müdafiə etməyə və bu mühasirəyə son qoymağa çağırıram", ABŞ prezidenti seçilmiş Co Bayden bildirib.
Tramp Tvitterdə sakitliyə çağıran bir video paylaşdı, lakin seçkilərin saxtalaşdırıldığı barədə əsassız iddiaları söyləməyə davam etdi.
“Bu, inandırıcı bir seçki oldu və bunu hamı bilir, xüsusən də qarşı tərəf. Ancaq evə getməlisiniz”, o bildirib.
Twitter və Facebook onların siyasətlərini pozan şərhlərə görə ilk dəfə olaraq Trampın hesablarını blokladı. Həmin gün əvvəl prezident öz tərəfdarlarını Kapitoliyə yürüş etməyə çağırıb.
"Bundan sonra ora getməliyik və mən orada sizinlə olacağam", o bildirib.
Tramp onlara Konqresdəki zəif insanlardan qurtulmalı olduqlarını deyib.
“O, zorakılığa təhrik edib. Fiziki cəhətdən buna rəhbərlik etməsə də, ritorika ilə rəhbərlik edib”, Texas A&M Universitetindən Cennifer Mersieka bildirib.
Nümayəndələr Palatasının on yeddi Demokrat üzvü vitse-prezidentdən Trampı vəzifəsindən uzaqlaşdırmaq üçün 25-ci düzəlişə müraciət etməsini istəyib. Bunun prezidentin səlahiyyət müddətinin bitməsindən iki həftə əvvəl baş vermə ehtimalı azdır.
“25-ci düzəliş həqiqətən əlillik və fiziki və ya tibbi mənada işləyə bilməməyə aiddir. Söhbət prezidentin mənəvi baxından yararlı olmasından getmir", Çikaqo Universitetinin Hüquq Fakültəsindən Aziz Huq deyib.
Bütün bunlara baxmayaraq, Co Bayden yanvarın 20-də ABŞ-ın 46-cı prezidenti kimi inaqurasiya olunacaq.
“Məni təhlükəsizliyim və andiçmə mərasimi narahat etmir. Mən narahat deyiləm”, Co Bayden çıxışını bitirəndən sonra deyib.
Polis məmurunun ölümü ABŞ-da Kapitoli binasına basqına dair sualların artmasına səbəb olub

Prezident Donald Trampın tərəfdarlarının Kapitoliyə zorakı hücumu zamanı bir polis əməkdaşının ölümündən sonra seçkilərdə məğlub olmuş prezidentin vəzifəsində qaldığı günlər və Kapitoli polisinin ərazini qoruya bilmək qabiliyyəti ilə bağlı suallar ortaya çıxarır.
Kapitoli polisinin verdiyi açıqlamada zabit Brayan D. Siknikin çərşənbə günü baş vermiş zorakılıqlar zamanı "etirazçılarla fiziki qarşıdurmada" yaralandığını bildirilib. Bu, Kapitolidə hadisələr zaman həyatını itirən beşinci şəxsdir.
Dünyada və ölkədə şokla qarşılanan basqın nəticəsində qanunsuzluqların qarşısını ala bilmədiyinə görə Kapitolinin üç yüksək vəzifəli təhlükəsizlik işçisi istefaya getməyə məcbur olub. Qanunvericilər basqından sonra əməliyyatların yenidən nəzərdən keçirilməsi tələbi ilə çıxış edib, Federal Təhqiqatlar Bürosu isə (FBI) “terror hücumu” kimi qiymətləndirilən hadisələrlə bağlı brifinq keçirib. Hadisələ həm də Trampın vəzifədə qaldığı müddət və bölünmüş ölkədə növbəti addımlar ilə bağlı daha geniş müzakirələrə yol açıb.
Etirazçılar Tramp tərəfindən çərşənbə axşamı Ağ Evin yaxınlığında keçirilən mitinqdə qanunvericilərin Baydenin prezidentliyini təsdiqləməsi planlaşdırılan iclasın keçirildiyi Kapitoli binasına getməyə çağırmışdı. Kütlənin sürətlə polis sədlərini aşaraq şüşələri qırması və binanın salonlarından keçməsi qanunvericilərin gizlənməsinə səbəb olub.
Etirazçılar arasında bir ağdərili qadın Kapitoli polisi tərəfindən vurularaq öldürülüb. Daha üç nəfərin də ölüdüyü bildirilir. Hadisələr zamanı onlarla həbs edilən var.
Trampın seçki saxtakarlığı ilə bağlı təkrar iddialarına baxmayaraq, seçki rəsmiləri və onun keçmiş baş prokuroru nəticəni dəyişdirəcək miqyasda problemin olmadığını deyib. Bütün ştatlarda nəticələr həm Respublikaçı, həm də Demokrat rəsmilər tərəfindən ədalətli və dəqiq olaraq təsdiqlənib.
Tramp vəzifədən uzaqlaşdırılmaq çağırışlarından sonra hakimiyyətin ötürülməsini qəbul edib

ABŞ Prezidenti Donald Tramp tərəfdarlarının ABŞ Kapitoli binasına zorla daxil olmasından sonra Vaşinqtonda onun vəzifəsindən vaxtından tez uzaqlaşdırılmasına dair çağırışların gücləndiyi zaman cümə axşamı hakimiyyətin yanvarın 20-də yeni administrayaya intizamlı şəkildə ötürüləcəyini bildirib.
Artan təziqlərlə qarşılaşan Tramp cümə axşamı gecə saatlarında ilk dəfə olaraq hakimiyyətin Baydenə ötürüləcəyini açıq şəkildə etiraf etdiyi çıxışını video vasitəsi ilə yayımlayıb.
"Yanvarın 20-də yeni administrasiya inaqurasiya olacaq" - deyə Tramp bildirib. "Mən bütün diqqətim hazırda hakimiyyətin nizamlı, problemsiz ötürülməsinə yönəlib. Bu an şəfa və milli barışıq tələb olunur", o, çıxışında deyib.
"Ölkəmizin vətəndaşları, sizin prezidentimiz kimi xidmət etmək həyatımın ən şərəfli dövrü oldu. Bütün möhtəşəm tərəfdarlarım, məyus olduğunuzu bilirəm, lakin bilməyinizi istəyirəm ki, möhtəşəm yolumuz hələ indi başlayır" - deyə, o, çıxışını bitirib.
Bundan əvvəl cümə axşamı Konqresdə Demokratların iki ən yüksək nümayəndəsi Trampın ya ikinci dəfə impiç edilməsi yolu ilə və ya ABŞ Konstitusiyasında vitse-prezident və Nazirlər Kabinetinin əksəriyyətinə mental baxımdan vəzifəyə uyğun olmayan prezidentin vəzifədən kənarlaşdırılmasına icazə verən maddəyə əsasən vəzifədən uzaqlaşdırılmasına çağırıb. Bəzi respublikaçılar da onun vəzifədən uzaqlaşdırılmasını tələb ediblər.
Lakin cümə axşamı vitse prezident Mayk Pensin Konstitusiyanın 25-ci düzəlişinə müraciət etmək istəmədiyi haqda məlumatların verilməsindən sonra bu addımın atıla bilməsi ehtimal edilmir.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də mətbuat konfransında Trampın vəzifəsindən uzaqlaşdırılmasına çağırış edib.
Corc W. Buş Tramp tərəfdarlarının Kapitoliyə və hüquq-mühafizə orqanlarına "zorakı hücumu"nu pisləyir

Həyatda olan yeganə sabiq Respublikaçı prezident Corc W. Buş çərşənbə günü ABŞ Kapitolisinə “zorakı hücumu” pisləyib. Prezident Donald Tramp tərəfdarlarının yaratdığı çaxnaşma prezident seçilən Co Baydenin qələbəsini təsdiq edən Konqresin fasilə verməsinə və azı bir nəfərin ölümünə səbəb olub.
“Bəzi siyasi liderlərimizin seçkidən bəri ehtiyatsız davranışı və təsisatlarımıza, ənənələrimizə və hüquq-mühafizə orqanlarımıza göstərilən hörmətsizlik məni dəhşətə gətirir,” Corc W. Buş yazılı açıqlamasında bildirib.
“Kapitoliyə zorakı hücum - və Konqresin Konstitusiyaya müvafiq qaydada təşkil etdiyi iclasın dağılması - hissiyatları yalan və yalançı ümidlərlə alovlanan insanlar tərəfindən həyata keçirilib,” deyə, o, Trampın adını çəkmədən bildirib.
Buş çərşənbə axşamı Tramp tərəfdarlarından ibarət kütlənin hərəkətlərini pisləyən bir neçə tanınmış Respublikaçıdan biridir.
“Demokratiyamızda zorakılığa yer yoxdur,” milli təhlükəsizlik müşaviri Robert O’Brayan çərşənbə günü bildirib.
“Bizim ölkəmiz bu gün Kapitolidə şahid olduqlarımızdan daha yaxşıdır,” o, əlavə edib.
“Bu gün Birləşmiş Ştatlar Kapitolisində baş verən qanunsuz etirazlar məni dəhşətə gətirib,” Oklahoma konqresmeni Tom Kol bəyanatında bildirib.
“Amerikalıların siyasi görüşlərini hissiyatlı şəkildə dilə gətirməyə və nümayişlərdə etirazlarını dinc şəkildə səsləndirməyə hüquqları olsa da, mən bu dağıdıcı və zorakı aktı törədənləri sərt şəkildə qınayıram.”
Demokratlar arasında sabiq Prezident Barak Obama zorakılığa görə birbaşa Prezident Donlad Trampı və onun seçki ilə bağlı yanlış iddialarını və onu vəzifədə saxlamaq üçün qətiyyətli tədbirlər görmək çağırışlarını dəstəkləyən Respublikaçılar Partiyasının üzvlərini günahlandırıb.
“Respublikaçı liderlərin qarşısında demokratiyanın ləkələnmiş palatalarında açıqlıq gətirilən seçimləri var. Onlar bu yolda davam edib, şiddətli alovları qalamağa davam edə bilərlər. Ya da onlar reallığı qəbul edib, alovları söndürmək üçün ilk addımları ata bilərlər. Onlar Amerikanı seçə bilərlər," Obama deyib.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də çərşənbə günü baş verənləri Amerika demokratiyasına “utancverici hücum” adlandırıb.
Bir sıra Demokratlar çərşənbə günü Trampı zorakılıqları həvəsləndirməkdə ittiham edərək ona qarşı impiçment iddiasının qaldırılmasına çağırıb.
Tramp video mesajında tərəfdarlarına “evə getmələrini” söyləsə də, onların hərəkətlərini pisləməyib və seçkinin ondan oğurlandığına dair əsassız iddiaların təkrarlayıb. Video daha sonra Facebook və YouTube tərəfindən silinib, Twitter isə seçki ilə bağlı dezinformasiya və zorakılığa çağırışı əsas gətirərək onun hesabını müvəqqəti bağlayıb.
“Gəlin baş verənlərlə bağlı açıq danışaq. Birləşmiş Ştatlar Prezidenti məğlub olduğu seçkinin sertifikatlaşdırılmasının qarşını almaq məqsədilə daxili terrorçulardan ibarət kütləni Pennsilvaniya prospektindən ABŞ Kapitolisini ələ keçirməyə göndərib,” Oreqonlu nümayəndə Earl Blumenauer açıqlamasında bildirib.
Bluemanuer çərşəbə axşamı Trampa qarşı impiçment iddiasının qaldırılmasına çağıran ondan çox qanunvericidən biridir.